«Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru»

 

Mayın 31-da Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Qlobal vətəndaşlıq: mədəniyyətlərarası fəaliyyətlərə doğru" mövzusunda plenar sessiya keçirilmişdir.

AzərTAc xəbər verir ki, Beynəlxalq Təhsil İdarəetmə Assosiasiyasının icraçı direktoru Darla DEARDOFUN moderatorluğu ilə keçən sessiyada Finlandiya Gələcək Tədqiqatlar Mərkəzinin nümayəndəsi, "Millenium" layihəsinin Helsinki ofisinin rəhbəri Sirka HEİNOEN gənclərin mədəniyyətdə rolu, onların təfəkkürü, qlobal vətəndaşlıq mövzusunda çıxış etmişdir.

Qlobal vətəndaşlıqda insanın əhəmiyyətli rolundan danışan Sirka Heinoen müasir cəmiyyətlərdə hər bir xalqın dəyərli olduğunu, onların şərəflə yaşamaq hüququnun təmin edilməsinin vacibliyini vurğulamışdır.

S.Heinoen uğurların davamlılığının təmin olunmasının, tarix və mədəniyyətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən danışmışdır.

Dünyada dostluq və həmrəylik prinsiplərinə riayət etməyin vacibliyini diqqətə çatdıran S.Heinoen bu amillərin yalnız insanlar arasında yaxın münasibətləri təmin etməklə mümkün ola biləcəyini bildirmişdir.

S.Heinoen gələcək tədqiqatlar sahəsində texnologiyaların tətbiq olunmasının əhəmiyyətindən danışaraq demişdir: "Hər kəs təhsil və mədəniyyət baxımından gələcək anlayışın mümkünlüyünü dərk etməyə çalışmalıdır. Bu cür dialoqların, hökumət strukturlarında, vətəndaş cəmiyyətlərində keçirilən müzakirələrin böyük əhəmiyyəti vardır. Müxtəlif cəmiyyətlərdə gələcəklə bağlı fərqli konsepsiyalar mövcuddur. İnsanlar arasında hörmət, qarşılıqlı anlaşma həmişə gözlənilməlidir".

Daha sonra çıxış edən Monteneqronun elm naziri xanım Sanya VLAXOVİÇ təmsil etdiyi ölkənin Azərbaycana çox bənzədiyini, hər iki dövlətin gələcək və qloballaşma üçün Avropa ilə əməkdaşlığı gücləndirdiyini söyləmişdir.

Yaşadığımız dünyanı nəzərə alaraq mövzunun aktuallığından danışan S.Vlaxoviç Monteneqronun təbii resurslarının nisbətən məhdudluğunu bildirərək, bu ehtiyatlardan maksimum dərəcə istifadə etməklə enerji təhlükəsizliyinə tələbatın ödənilməsinin  vacibliyinə toxunmuşdur.

Bu sahədə müəyyən şəbəkənin yaradılmasının əhəmiyyətini vurğulayan Monteneqronun elm naziri qlobal vətəndaşlığın müzakirəsi ilə bağlı artıq ölkəsində elmi şəbəkənin yaradıldığını qeyd edərək demişdir: "Burada bütün məlumatlar toplanılır və maraqlı olanlar gənclərə çatdırılır. Biz təhsil və mədəniyyət sahəsində gələcək əməkdaşlıq üçün yeni layihələr üzərində düşünürük. Təbii ki, böyük dəstəyə ehtiyacımız vardır. Daim rəqabətə davamlı və yeni mövzular axtarışında olmaq bizim əsas yolumuzdur".

Sessiyada Avropa Azərbaycan Cəmiyyətinin sədri Taleh HEYDƏROV çıxış edərək ölkəmizin qədim dövlətçilik ənənələrindən danışmışdır. T.Heydərov 95 il əvvəl müstəqilliyimizin elan olunması ilə böyük tarixi, mədəniyyəti və adət-ənənələri olan Azərbaycan xalqının öz dövlətini qurmaq, digər xalqlarla sülhdostluq şəraitində yaşamaq fürsəti əldə etdiyini vurğulamışdır. O, Azərbaycanın bütün dövrlərdə müxtəlif dinlərin, mədəniyyətlərin  və xalqların qovuşduğu məkan olduğunu qeyd etmişdir. T.Heydərov 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra həyata keçirilən mühüm islahatlaruğurlu xarici siyasət barədə məlumat vermişdir.

Azərbaycanın güclü iqtisadiyyata malik olmasından danışan T.Heydərov ölkəmizin dünyaAvropa dövlətləri ilə ikitərəfli münasibətlərə mühüm əhəmiyyət verdiyini vurğulamış, mədəni əlaqələrin uğurlu gələcəyinə inamını ifadə etmişdir.

Müstəqil olmaq üçün sadiq dostlara ehtiyac duyulduğunu söyləyən Avropa Azərbaycan Cəmiyyətinin sədri dünyada ölkəmizin mədəniyyətinin özünəməxsus yeri olduğunu vurğulayaraq demişdir: "İnsanlar tarix boyu müxtəlif təkamül yolu keçmişlər. Biz inanırıq ki, müxtəlif irqə, dinə mənsub insanların birlikdə yaşaması mədəniyyətin inkişafına öz töhfəsini verəcəkdir. Qloballaşma Azərbaycana mədəni səviyyə ilə yanaşı, sosial, siyasi sahədə də təsirini göstərmişdir. Ölkəmizdə tolerantlıq mövcuddur. Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsi buna əyani sübutdur".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan T.Heydərov bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının real inkişaf üçün zəruriliyini vurğulamışdır. 

Gələcək Dünya Cəmiyyətinin Venesuela ofisinin təsisçisi və prezidenti Xose KORDEYRO, Beynəlxalq İnkişaf Təşkilatının prezidenti Hans KOÇLER çıxış edərək Azərbaycanda olmalarından məmnunluqlarını dilə gətirmiş, mövzu ilə bağlı fikirlərini bölüşmüşlər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

 

Azərbaycan.-2013.- 1 iyun.- S.5.